Əfqanıstan daha öndədir| İran-Çin münasibətləri dərinləşir, yoxsa geriləyir? – ANALİZ

2023/03/arso--1677736909.jpg
Oxunub: 5874     10:40     03 Mart 2023    
Pekin və Tehran bir neçə illik durğunluqdan sonra ikitərəfli münasibətləri bərpa etməyə çalışır. İki ölkə arasında iqtisadi əməkdaşlıq günü-gündən inkişaf edir. Tehran hökuməti ABŞ və Qərbin tətbiq etdiyi sanksiyalara qarşı Pekində çarə axtarır. Çin liderinin yaxın gələcəkdə İrana səfəri iki ölkənin regiondakı fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir.

Ötən ay İran prezidenti İbrahim Rəisi Pekində həmkarı Si Cinpinə baş çəkib. İqtisadiyyat, təhlükəsizlik və enerji kimi məsələlər də dövlət başçılarının gündəmində olub. Son 20 ildə Çinə rəsmi səfər edən ilk İran prezidenti Rəisi səfəri öncəsi “qara günün dostu” adlandırdığı ölkələrin ikitərəfli münasibətlərindəki durğunluğu vurğulayıb.

Münasibətlərin durğunluğunun səbəblərindən biri Çinin Körfəz Əməkdaşlıq Təşkilatı ilə birgə bəyanatında İranı “regional təhlükəsizliyi təhlükə altına almaqda” ittiham etməsi və BƏƏ ilə mübahisəli bir neçə körfəz adaları ilə bağlı Əbu-Dabiyə dəstək verməsi olub. Bu birgə bəyanatdan sonra Tehran Çin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Görüşlər zamanı ticarət, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, böhranların idarə edilməsi kimi mövzularda 20 əməkdaşlıq sənədi imzalanıb. İki ölkə arasında mədəni irslə bağlı hüquqi qüvvəyə malik olmayan anlaşma memorandumu imzalanıb. Danışıqlar zamanı Si bəyan edib ki, Çin İranla əməkdaşlığından kənara çıxmayacaq və strateji əməkdaşlığı inkişaf etdirməyə çalışacaq.

Çin prezidenti həmçinin 2015-ci il nüvə sazişinin canlandırılmasını dəstəklədiyini bildirib. Rəisinin səfəri başa çatdıqdan sonra iki ölkə birgə bəyanat yayıb. Birgə bəyanatda İran və Çinin dəyişən beynəlxalq konyukturadan asılı olmayaraq ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğu, iki ölkənin bir-birinin əsas maraqlarına hörmətlə yanaşması, iqtisadi və hərbi sahədə birgə işləri irəli aparmaq istəyi vurğulanıb.

Bəyanatda bildirilib ki, Tehranın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirakı həm regional, həm də qlobal səviyyədə təhlükəsizliyi, sülhü, sabitliyi və inkişafı artıracaq. Həmçinin qeyd olunub ki, İran Çinin BRICS-in (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) genişləndirilməsi təşəbbüsünü alqışlayır və onun inkişafına töhfə verməyə hazırdır.

Birgə danışıqlar zamanı Si və Rəisi həmçinin Qərbin İrana tətbiq etdiyi sanksiyaların ləğvinə və 2015-ci il nüvə sazişinin qüvvəyə minməsinə çağırış ediblər. Nüvə sazişi 2018-ci ildə prezident Donald Trampın ABŞ-ı müqavilədən birtərəfli qaydada çıxarması ilə yarımçıq qalıb.

Rəisinin səfərinin başa çatması ilə İran lideri çinli həmkarını Tehrana dəvət edib. Sinin “məmnuniyyətlə” qəbul etdiyi iddia edilən bu üç günlük səfər reallaşarsa, bu, Çin prezidentinin 2016-cı ildə İrana sonuncu səfərindən sonra ilk səfər olacaq.

25 İLLİK MÜQAVİLƏ

İran və Çin 2021-ci ildə 25 illik müqavilə imzalayıb. Əməkdaşlığı dərinləşdirəcək bu razılaşma çərçivəsində Çinin İranda müxtəlif sahələrə 400 milyard dollara yaxın sərmayə qoyacağı bildirilib.

“The Diplomat” nəşrinin araşdırmaçı jurnalisti, İran-Çin münasibətləri üzrə ekspert Uilyam Fiqueroa bu iddiaları təqib edib. Sözügedən sənəddə konkret rəqəmlərin verilmədiyini ifadə edən Fiqueroa adaların və hərbi bazaların satışı kimi konspirasiya nəzəriyyələrini qidalandıracaq bir vəziyyətin olmadığını da qeyd edib.

Fiqueroa Çin Xarici İşlər Nazirliyinin Sərhəd və Okean İşləri Departamentinin direktor müavini Zhao Lijiandan sitat gətirərək bildirib: “Müqavilə nə rəqəmsal hədəflər, müqavilələr və ya anlaşmalar ehtiva edir, nə də heç bir üçüncü tərəfi hədəf almır”. Zhao qeyd edir ki, saziş yalnız Tehran-Pekin əməkdaşlığının inkişafı üçün ümumi çərçivə təmin edir.

SIX İQTİSADİ MÜNASİBƏTLƏR

İranın son 10 ildə ən böyük ticarət tərəfdaşı Çin Xalq Respublikasıdır. İran Çinə etilen polimer və xam neft ixrac etməklə bu əlaqələrdəki mövqeyini qoruduğu halda, Asiya-Sakit okean ölkəsindən avtomobil hissələri idxal edir. Ticarət Nazirliyinin sözçüsü Şu Juetinq iki ölkə arasındakı ticarət həcminin 2022-ci ildə bir əvvəlki ilə görə 7 faiz artaraq 15,8 milyard dollara çatdığını açıqlayıb.

Lakin ticarət əlaqələrinin bu dərəcədə irəliləməsinə baxmayaraq, İrana ən çox xarici investisiya Rusiyadan gəlir.

İqtisadiyyat nazirinin müavini Əli Fekri bildirib ki, 2021-ci ilin avqust ayından, İbrahim Rəisinin hakimiyyətə gəlişindən bu yana Rusiya İrana xarici sərmayədə Çindən daha fəal olub.

İran-Çin münasibətləri üzrə ekspert Uilyam Fiqueroa öz “Twitter” hesabında yazıb ki, Rəisinin dövründə Çinin İrana yatırdığı 162 milyon dollar sərmayə Türkiyə və Əfqanıstandan belə geri qalır.

Çinin “Bir Kəmər, Bir Yol” layihəsi ilə iki ölkə arasında iqtisadi əlaqələrin güclənməsi gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Çin   Analiz  


Bizi "telegram"da izləyin